DÜNYA
Cənubi Koreya COVID-19-la mübarizə üçün Pxenyana peyvənd təklif edib
Pekin, 13 may, AZƏRTAC
Cənubi Koreya Prezidenti Yun Sok Yol COVID-19 virusuna yoluxmaların sürətlə çoxaldığı Şimali Koreyaya infeksiyaya qarşı peyvənd göndərməyi təklif edib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin mətbuat katibi açıqlama verib. “Prezident Yun Sok Yol Şimali Koreya xalqına COVID-19 peyvəndləri və digər tibbi ləvazimatlar göndərməyi planlaşdırır”, - deyən mətbuat katibi Kanq İn-sun bildirib ki, məsələnin detalları ilə bağlı Pxenyanla müzakirələr aparılacaq.
Qeyd edək ki, COVID-19 ortaya çıxandan bəri ölkədə virusa yoluxmaların qeydə alınmadığını bildirən, COVAX proqramı çərçivəsində peyvənddən də imtina edən rəsmi Pxenyan son 2 gündə ölkədə aprelin sonundan etibarən naməlum səbəbdən qızdırma hallarının sürətlə artması barədə açıqlama verib. Rəsmi KCNA agentliyi ötən gün COVID-19 virusunun səbəb olduğu xəstəlikdən 6 nəfərin öldüyü, ümumiyyətlə, indiyədək 350 min nəfərdə xəstəlik əlamətlərinin aşkarlandığı, onlardan 187 min nəfərinin müalicə alaraq sağalması barədə xəbərlər yayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin