CƏMİYYƏT
Check-up müayinə ildə ən azı bir dəfə aparılmalıdır

Bakı, 19 iyun, AZƏRTAC
Check-up müayinə xəstəliyin erkən diaqnozunun qoyulması və yarana biləcək xəstəlik risklərini vaxtında aşkara çıxarmağa kömək edən profilaktik yoxlanışdır. Vaxtında müayinədən keçmək həm də bəzi xəstəliklərin qarşısını erkən almağa kömək edir.
AZƏRTAC xəbər verir ki, həkim-sonoloq Günay Əhmədova deyib: “Əgər onkoloji və ya digər izlənilmədə olan hər hansı xəstəliklər varsa, check-up paketlər şikayətə əsasən təyin olunur. Qan və sidik analizləri, xəstəliyə uyğun digər parametrlər ayrıca tələb olunur. Böyüklərin ildə iki dəfə və ya ən azı bir dəfə, uşaqların isə pediatrın göstərişinə əsasən intervallı müayinəsi aparılmalıdır”.
Bir çox xəstəliklərin əlamətləri nəzərə çarpmadığından artıq son həddə çatanda həkimə müraciət edilir. Bu isə çətin olmaqla yanaşı həm də gecikməyə səbəb olur. Elə buna görə də xəstəlik getdikcə irəliləyir və sağalma ehtimalı azalır. Buna görə də sheck-up müayinələrdən vaxtlı-vaxtında keçmək çox əhəmiyyətlidir.
Ümumi tibbi müayinələr bütün özəl və dövlət tibb müəssisələrində aparılır. Həkim-sonoloqun dediyinə görə, check-up müayinələrdən əvvəl əməl edilməli olan bəzi göstərişlər də var: “Xəstələr müayinəyə acqarına gəlməlidirlər, çünki onu müayinə edəndə hər hansı bir şikayətə uyğun analiz tələb oluna bilər. Öd kisəsi, öd yolları və mədəaltı vəzin acqarına müayinəsi daha rahatdır. Xəstə qidalanıb check-up müayinəyə gələndə bəzi detallar sonoqrafik müayinədə gözdən qaça bilər”.
Vaxtında müayinədən keçmək orqanizmin müdafiə gücünü də artırır. Hazırda sağlamlığa nəzarətin əsas sınanmış üsulu vaxtaşırı profilaktik yoxlanışlardan keçib həkimin verdiyi təlimatları yerinə yetirməkdir. Zamanında edilən tibbi müdaxilə xəstənin xilasına səbəb olur.