CƏMİYYƏT


Ciddi seysmik təhlükə yarada biləcək tektonik qırılmaların müəyyən edilməsi məqsədilə birgə tədqiqatlar aparılıb

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Böyük Britaniyanın Oksford Universiteti ilə mərkəz əməkdaşlarının Azərbaycan ərazisində apardıqları birgə tədqiqatların ilkin nəticələrinə dair iclas keçirilib.

Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın müxbir üzvü və Oksford Universitetinin təmsilçisi, professor Rəşid Cavanşir, Oksford Universitetinin professoru Riçard Voalker, əməkdaşları - zəlzələlər və aktiv tektonika üzrə fəlsəfə doktorları - Heyl Marşal, Ben Conson və Yan Pirs, AMEA-nın Yer Elmləri bölməsinə daxil olan elmi müəssisə və təşkilatların nümayəndələri və mərkəz əməkdaşları iştirak ediblər.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli AZƏRTAC-a bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə Oksford Universiteti arasında elmi əlaqələrin yaradılması istiqamətində imzalanmış Anlaşma Memorandumuna əsasən, Azərbaycan ərazisinin seysmikliyi və tektonik aktivliyinin öyrənilməsi sahəsində Respublika Seysmoloji Xidmət Mərkəzinın əməkdaşları ilə bir aya yaxın müddət ərzində Ağsu, İsmayıllı, Göyçay, Qobustan, Salyan rayonları və Şirvan şəhərində birgə tədqiqatlar aparıblar. Burada məqsəd Azərbaycan ərazisində infrastruktur və əhali üçün ciddi seysmik təhlükə yarada biləcək tektonik qırılmaların müəyyən edilməsidir.

Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçard Voalker AMEA və Oksford Universiteti arasında həyata keçirilən birgə tədqiqatların uzunmüddətli olduğunu bildirib. Onun sözlərinə görə, Oksford Universiteti Qlobal Naviqasiya Sistemləri Vasitəsi ilə Cənubi Xəzər hövzəsi və Azərbaycan ərazisində zəlzələlərin öyrənilməsi seçilmiş zonalar üzrə paleseysmoloji tədqiqatların aparılması və aktiv tektonik qırılmaların müəyyən edilməsi istiqamətlərində RSXM-lə birgə uzunmüddətli tədqiqatlar aparmaq niyyətindədir. Araşdırmaların ilkin mərhələsi başlayıb. Ümumilikdə, ilkin tədqiqatlar 23 gün davam edib. Həmin müddətdə seçilmiş rayonlar üzrə dron çəkilişləri olub. Paleseysmik tədqiqatlar məqsədilə xəndəklər qazılıb, seysmik cihazlarla qırılma sahələrində və palçıq vulkanlarının ətrafında ölçmə işləri aparılıb. O, Azərbaycan ərazisində aparılan paleseysmoloji tədqiqatların ilkin nəticələri və gələcəkdə görüləcək işlər haqqında da danışıb.

Daha sonra Oksford Universitetinin əməkdaşları - zəlzələlər və aktiv tektonika üzrə fəlsəfə doktorları - Yan Pirs və Ben Conson RSXM əməkdaşları ilə birlikdə aparılan tədqiqatların ilkin nəticələri və alınmış nəticələr haqqında təqdimatlarla çıxış ediblər. Hər iki məruzəçi tədqiqatlar zamanı alınmış yeni nəticələrdən danışarkən həmin istiqamətlərdə araşdırmaların davam etdiriləcəyini qeyd ediblər. Həmçinin alınmış nəticələrə dair birgə elmi məqalələrin yazılması da nəzərdə tutulur.

AMEA və Oksford Universitetinin təmsilçisi Rəşid Cavanşir isə bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsədlərdən biri də birgə yeni elmi tədqiqat istiqamətlərinin müəyyən edilməsi və Azərbaycanın gənc alim və mütəxəssislərinin Oksford Universitetində elmi tədqiqatlara cəlb olunması, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev isə aparılan tədqiqatların böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək həmin tədqiqatlar nəticəsində yeni nəticələrin əldə olunacağına inandığını bildirib.

İclas birgə tədqiqatların ilkin mərhələsində iştirak edən RSXM əməkdaşlarının Oksford Universiteti tərəfindən sertifikatla təltif olunması ilə başa çatıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.