CƏMİYYƏT
Cinayət törətməkdə təqsirləndirilən Özbəkistan vətəndaşı ölkəsinə ekstradisiya edilib
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycanın Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən, Özbəkistan ərazisində cinayət törətməkdə təqsirləndirilən həmin ölkənin vətəndaşı Aşurəliyev Şərəf Xumoyunoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunması barədə Azərbaycanın Baş Prokurorluğuna sorğu edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Şərəf Aşurəliyev qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunub.
Baş Prokurorluq tərəfindən ekstradisiya icraatı aparılaraq Özbəkistan Baş Prokurorluğunun sorğusu təmin olunub. Şərəf Aşurəliyev hər iki ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə sorğu edən ölkəyə təhvil verilib.