REGİONLAR
“Cocuq Mərcanlı” yarımstansiyasının inşası başa çatır
Bakı, 23 may, AZƏRTAC
“Cocuq Mərcanlı” yarımstansiyasının inşası başa çatır.
“Azərişıq” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarımstansiyaya 8.300 metr məsafədə yüksək gərginlikli 35 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar müvafiq infrastrukturun yaradılması, o cümlədən ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılmaqdadır.
Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kilovoltluq “Horadiz” yarımstansiyasından 8.300 metr məsafədə yüksək gərginlikli 35 kilovoltluq ikidövrəli elektrik xətti çəkilib və bu xətdə son tamamlama işləri görülür.
Səhmdar Cəmiyyət tərəfindən Cocuq Mərcanlı kəndi ərazisində müasir standartlara cavab verən 35/10 kilovoltluq yeni yarımstansiya inşa edilib. Transformatorlarının gücü 2x6,3 MVA olan yeni yarımstansiyanın 35 və 10 kilovoltluq tərəflərində son montaj işləri aparılır. Cocuq Mərcanlı kəndində yeni özünüdaşıyan izolyasiyalı naqillərlə qurulan yeni 0,4 kilovoltluq şəbəkə yaradılıb.
Kənd ərazisində bərpası nəzərdə tutulan yaşayış binalarının elektrik təchizatı üçün 1 ədəd 10/0,4 kilovoltluq 1000 kVA gücündə yeni Komplekt Transformator Məntəqəsi, həmçinin 1 ədəd subartezian quyusuna xidmət edəcək 40 kVA gücündə yeni transformator quraşdırılıb. Ümumilikdə “Cocuq Mərcanlı” yarımstansiyası ətraf əraziləri, hərbi obyektləri və perspektivdə işğaldan azad olunacaq kəndləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.