ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunun demoqrafiya və əhali şöbəsinin illik hesabatı dinlənilib
Bakı, 29 noyabr, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclasında baş direktor coğrafiya elmləri doktoru Zakir Eminov rəhbəri olduğu Demoqrafiya və əhali coğrafiyası şöbəsinin 2021-ci il üzrə illik hesabatını təqdim edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Z.Eminov təqdimatında Azərbaycan Prezidentinin fərman və sərəncamlarının icrası ilə əlaqədar görülən işlər, şöbə əməkdaşlarının elmi məqalələrinin çap edilməsi, çöl tədqiqatlarının nəticələri, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi istiqamətində geniş fəaliyyət, beynəlxalq əlaqələr, layihə və qrant üzrə yerinə yetirilən işlər, elmi kadrların hazırlanması və s. haqqında məlumat verib.
Müəssisə rəhbəri planda təsdiq olunmuş “Qarabağ iqtisadi rayonunun demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri” mövzusu üzrə aparılan tədqiqatın nəticələrindən danışıb. O bildirib ki, 2020-ci ilin əvvəlində Qarabağ iqtisadi rayonunda əhalinin sayı 900,3 min nəfər olub ki, bu da ölkənin ümumi əhalisinin 8,94 faizini təşkil edir. 1979-cu ildən sonra ərazidə kənd əhalisinin payının yüksək olması, təbii artımın çoxluğu səbəbindən əhali artımı ölkə üzrə olan göstəricidən xeyli yuxarı olub. Əhali sayının artımı ən çox Ağdam rayonunda (91,0 min nəfər), ən aşağı artım isə Xocavənd rayonunda qeydə alınıb.