ELM VƏ TƏHSİL
Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinə akademik Budaq Budaqovun adı verilib
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu elmi şurasının növbəti iclası görkəmli alim, akademik Budaq Budaqovun 90 illik yubileyinə həsr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, B.Budaqovun beynəlxalq aləmdə tanınmış görkəmli alim olduğunu deyən institutun direktoru, akademik R.Məmmədov onu Azərbaycan coğrafiya elminin canlı ensiklopediyası adlandırıb. Elmə gətirdiyi bir sıra yenilik və uğurların bilavasitə B.Budaqovun adı ilə bağlı olduğu qeyd edilib. Görkəmli alimin Azərbaycan coğrafiya elminin inkişafına verdiyi töhfələrdən danışan R.Məmmədov akademik B.Budaqovun özündən sonra böyük elmi məktəb qoyub getdiyini bildirib.
İnstitut direktorunun elmi işlər üzrə müavini, dosent Məhərrəm Həsənov B.Budaqovun həyatı və elmi fəaliyyəti haqqında məruzə ilə çıxış edib.
Tədbirdə coğrafiya üzrə fəlsəfə doktorları Habil Haqverdiyev, Mirnuh İsmayılov, coğrafiya elmləri doktorları Rəna Qaşqay, Məhəmməd Abduyev və digər çıxış edənlər akademik B.Budaqov haqqında xatirələrini bölüşüblər.
Elmi şurada Coğrafiya İnstitutu landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinə Budaq Budaqovun adının verilməsi qərara alınıb.