ELM VƏ TƏHSİL
Coğrafiya və riyaziyyat fənləri üzrə imtahan tapşırıqlarına dair müzakirələr aparılıb
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da Dövlət İmtahan Mərkəzində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, coğrafiya fənni üzrə iclasın gündəlik məsələsi avqustun 13-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi - II ixtisas qrupu üzrə istifadə edilmiş tapşırıqların elmi-metodik baxımdan təhlili olub.
İclasda müzakirə edilən 10 qapalı tipli tapşırığın hər biri (31-40 saylı) aid olduğu mövzu, mürəkkəblik dərəcəsi, statistik göstəricilər, tədris olunduğu sinif, hansı altstandart üzrə bilik və bacarıqları yoxlamağa imkan verməsi baxımından təhlil edilib. Redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq.
Müzakirələr nəticəsində tapşırıqların ali təhsil müəssisələrinə qəbul imtahanı proqramına uyğunluğu, abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verməsi bir daha öz təsdiqini tapıb.
Statistik göstəricilər əsasında aparılmış bu müzakirədə, həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqlar müəyyən edilib. Bu tapşırıqların izahlarına dair metodik tövsiyə hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.
Riyaziyyat fənni üzrə gündəlik məsələ isə ali təhsil müəssisələrinə və hərbi liseylərə qəbul imtahanları üçün proqramların müzakirəsi olub. Müzakirələr zamanı gündəlik məsələlərlə bağlı fikirlər bildirilib və təkliflər verilib. Söylənilmiş təkliflər proqramların təkmilləşdirilməsində nəzərə alınıb.
Noyabrın 13-də müzakirələr davam etdiriləcək.