SİYASƏT
DAĞLIQ QARABAĞDAKI ERMƏNİ TERRORÇULARI ERMƏNİSTANIN ÖZÜ ÜÇÜN TƏHLÜKƏYƏ ÇEVRİLMİŞLƏR
Dağlıq Qarabağın və Azərbaycanın işğal olunmuş digər ərazilərinin erməni terror qruplaşmalarının fəaliyyət zonasına çevrilməsi barədə rəsmi Bakının dəfələrlə verdiyi bəyanatları, dolayısı yolla da olsa, ermənilərin özləri də təsdiq edirlər.
AZƏRTAC-ın “Sakartvelo” agentliyindən (Gürcüstan) aldığı xəbərə görə, Ermənistan İctimai Televiziyasının rəhbəri Tiqran Nağdalyanın qatilləri Dağlıq Qarabağda fəaliyyət göstərən və özünü “Qarabağda azadlıq müharibəsinin veteranları” adlandıran erməni quldur dəstəsinin üzvləridir.
Qondarma “DQR”-nin baş prokuroru Mavrik Qukasyan mətbuat konfransında bildirmişdir ki, “Nağdalyanın işi ilə əlaqədar həbs olunmuş vətəndaşlar Azərbaycanla müharibədən əvvəl də, sonra da cinayətlər törətmişlər”. O demişdir ki, bu qruplaşmanın üzvləri əvvəllər Ermənistan hökumətindən güzəştlər və bəxşişlər alırdılar, lakin son vaxtlar bundan əlləri çıxmışdır.
Ermənistanın hüquq-mühafizə orqanları rəhbərlərinin sözlərindən aydın olur ki, işğal edilmiş Azərbaycan ərazilərində yaradılan terror qruplaşmaları indi Ermənistan rəhbərləri üçün təhlükəyə çevrilmişdir.