SİYASƏT
DAHİ HEYDƏR ƏLİYEVİN XİDMƏTLƏRİ UNUDULMAZDIR
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının tələbə və müəllim kollektivi dekabrın 16-da keçirilən matəm mərasimində maraqlı sənədli filmə baxmışlar. Düz 23 il əvvəl - 1980-cı il dekabrın 16-da Akademiyanın 50 illik yubileyində iştirak edən böyük dövlət xadimi Heydər Əliyevlə görüşlərdən, bu ali təhsil ocağına “Şöhrət” ordeni, habelə alimlərin bir qrupuna müxtəlif mükafatlar təqdim etməsindən, tədris korpusları ilə tanış olmasından, dəyərli məsləhətlərindən bəhs edən kinokadrlara sonsuz kədər hissi ilə baxmışlar. Mərasim iştirakçıları filmin nümayişindən sonra ürək sözlərini söyləmişlər. Akademiyanın rektoru akademik Məmmədtağı Cəfərov, professorlar Niyaz Səfərov, Əhməd Həsənov çıxış edərək respublikamızda aqrar elminin inkişafında Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış, dahi rəhbərin onilliklər boyu yaratdığı və bizlərə əmanət etdiyi zəngin irsi qoruyacaqlarını, onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevin ətrafında sıx birləşəcəklərini bildirdilər. Sonra Akademiyanın müəllim və tələbələri görkəmli dövlət xadiminin qara lentlə haşiyələnmiş portreti önünə tər çiçək dəstələri düzdülər. Onun ruhuna dua oxudular.