İQTİSADİYYAT
DƏRİNSULU GÜNƏŞLİ PLATFORMASINDAN İSTİFADƏ EDİLMƏKLƏ ÖNCƏ QAZMA ƏMƏLİYYATLARI UĞURLA DAVAM EDİR
bp-Azərbaycan şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Dərinsulu Günəşli (DSG) platformasında bu ilin birinci rübü ərzində “Dədə Qorqud” yarımdalma qazma qurğusundan istifadə edilməklə öncə qazma əməliyyatları uğurla davam etmişdir.
Qazma, texnoloji təchizat və yaşayış platformasının dayaq blokunu dənizə yola salmazdan əvvəl DSG üzrə on quyudan ibarət öncə qazma proqramı tamamlanmışdır. Bu quyulardan biri şlamların yenidən laya vurulması üçün, biri isə platformadan suvurma quyusu kimi planlaşdırılır.
Platformanın üst modullarının dənizdə quraşdırılmasının ardınca bu il
DSG -də quyuların platformaya birləşdirilməsi proqramına başlanacaqdır. DSG qazma əməliyyatlarına həmçinin on sualtı suvurma quyusu daxildir ki, bunlar da “Dədə Qorqud” qazma qurğusu ilə qazılacaqdır.
Bundan sonra qazma qurğusu cənub manifoldunun yerləşdiyi məntəqəyə aparılacaqdır. Burada qazma qurğusu vasitəsilə G-01 quyusunda qazma və tamamlama əməliyyatları həyata keçiriləcək və iki digər quyu, yəni G-02 və G-03 quyuları qazılaraq müvəqqəti bağlanacaqdır. Bu əməliyyatlar tamamlandıqdan sonra qazma qurğusu F-01 quyusunun qazılıb tamamlanması və digər iki quyunun, F-02 və F-03 quyularının qazılaraq müvəqqəti bağlanması üçün şimal manifoldunun yerləşdiyi əraziyə aparılacaqdır.