ELM VƏ TƏHSİL
DİM: Apellyasiya Komissiyasına 5935 şagird ərizə ilə müraciət edib
Bakı, 16 may, AZƏRTAC
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 5-6-da keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 5935 şagird ərizə ilə müraciət edib.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən verilib. Qeyd olunub ki, 427 nəfər ərizəsini təsdiq etməsə də, onların da müraciətləri araşdırılıb və müvafiq qərarlar verilib.
Apellyasiya Komissiyasına daxil olan ərizələrdə ümumilikdə 23304 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. Qeyd edək ki, bu imtahanlarda şagirdlərin ümumilikdə 1 milyon 145 min 424 tapşırıq üzrə yazı işi yoxlanılıb. Apellyasiya üçün edilən müraciətlər bütün tapşırıqların cəmi 2.03 faizini təşkil edir.
Daxil olan bütün müraciətlər araşdırılıb və şagirdlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 2114 nəfərlə videogörüntü (“Zoom” proqramından istifadə etməklə) vasitəsilə, 3621 nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılıb. 200-ə yaxın şagirdlə isə əlaqə yaratmaq mümkün olmayıb. Onların bəzisi dəfələrlə edilən zənglərə cavab verməyib, bəzi telefon nömrələrinə zəng zamanı “nömrə təyin edilməyib” bildirişi gəlib, bəzi nömrələrin isə apellyasiyaya müraciət edən şəxslərə heç bir aidiyyəti olmayıb. Bununla belə, həmin şəxslərin də ərizələri araşdırılıb və qiymətləndirmə meyarlarına uyğun qərarlar verilib.
Apellyasiyaya müraciət edənlərdən 668 şagirdin (bütün imtahan verənlərin 1,4 faizi) cəmi 743 tapşırıq (bütün tapşırıqların 0,06 faizi) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib. 126 işdə edilmiş düzəlişlər imtahan verənin yazılı cavab tələb edən tapşırığın həllini (və ya cavabını) başqa yazılı cavab tələb edən tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.
DİM şagirdlərin nəzərinə çatdırır ki, qeyd olunan dəyişikliklər artıq onların imtahan nəticələri ilə əlaqədar yaradılmış səhifələrində öz əksini tapıb.
Martın 12-13-də keçirilmiş imtahanlarla bağlı müraciətlərin təqribən 60 faizdən çoxu araşdırılıb. Bəzi müraciətlərin telefonla cavablandırılmasına başlanılıb. “Zoom”la olan görüşlər isə həftəsonundan etibarən təşkil edilməyə başlanılacaq. Apellyasiya prosesinin yekunu ilə bağlı məlumat növbəti həftənin sonu veriləcək.
Aprelin 3-də keçirilmiş imtahanın nəticələri ilə bağlı müraciətlərin araşdırılmasına növbəti həftə başlanılacaq və iştirakçılarla əlaqə saxlanılacaq.