DİM-in Direktorlar Şurasının sədr müavini Astana Dövlət Qulluğu üzrə Regional Xabın panel sessiyasında çıxış edib
AzerTAg.az

Bakı, 8 dekabr, AZƏRTAC
Qətərin paytaxtı Doha şəhərində Yaxın Şərq Dövlət Siyasəti və İdarəetmə Assosiasiyasının 10-cu konfransı çərçivəsində (AMEPPA) Dövlət Qulluğu üzrə Astana Regional Xabın (Xab) “Postsovet ölkələrdə idarəetmə: inkişaf və çağırışlar” mövzusunda onlayn panel sessiyası təşkil edilib. Sessiyada çıxış edən Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın əsas inkişaf istiqamətləri və fəaliyyət planlarında əks olunan tədbirlər haqqında məlumat verib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Bəhram Xəlilov Azərbaycan Respublikasında dövlət qulluğu sisteminin yaradılması və təkmilləşdirilməsində beynəlxalq təcrübənin mühüm rolunu vurğulayaraq, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı, SIGMA proqramı, Tvinninq çərçivəsində görülmüş işlər və Xab ilə əməkdaşlıq barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Panel sessiyanın əsas məqsədi postsovet ölkələrinin idarəetmə sistemində əldə etdiyi nailiyyətlərin təhlil edilməsi, üzləşdiyi çətinliklərin müəyyən edilməsi, həmçinin gələcək inkişaf üçün perspektivlərin dəyərləndirilməsi olub.
Xəbərin mətnində orfoqrafik səhv var