CƏMİYYƏT
DİN: Ötən gün 62 toy şənliyinin monitorinqi aparılıb
Bakı, 25 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri yanvarın 24-də Bakıda və respublikanın digər ərazisində 62 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər 60 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. Bir nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib. COVID-19 pasportu olmadığına görə 46 nəfər şənliklərə buraxılmayıb.