CƏMİYYƏT
DİN antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə blogerlər arasında film, foto və mahnı müsabiqəsi elan edir
Bakı, 15 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi və mətbuat xidməti antinarkotik təbliğatının gücləndirilməsi məqsədilə blogerlər arasında film, foto və mahnı müsabiqəsi elan edir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Ən yaxşı qısametrajlı film”, “Ən yaxşı foto” və “Ən yaxşı mahnı (rep)” nominasiyaları üzrə keçirilən müsabiqə üçün “Narkotik vasitələrin və psixotrop maddələrin insan üçün heç bir faydası yoxdur”, “Narkotik vasitələr və psixotrop maddələr insan sağlamlığını və psixologiyasını məhv edir”, “Narkotik vasitələr və psixotrop maddələr stressi azaltmır, problemləri həll etmir”, “Narkotik vasitələr və psixotrop maddələr istifadəçilərin həyatını məhv edir”, “Narkotik vasitələr və psixotrop maddələr ailələrin dağılmasına, sonsuzluğa və digər ağır fəsadlara səbəb olur”, “Narkotik vasitələrin qanunsuz dövriyyəsində polis əməkdaşlarının qətiyyətli mübarizəsi” və “Narkomanlıq bir şəxsin yox, bir ailənin faciəsidir” mövzularında hazırlanan materiallar təqdim olunmalıdır.
Müsabiqədə hər müəllif yalnız bir nominasiya üzrə iştirak edə bilər. Təqdim edilən materiallar müəyyən edilmiş mövzular üzrə olmalıdır. Müsabiqə üçün hazırlanmış materiallar Daxili İşlər Nazirliyinin mətbuat xidmətində yaradılmış xüsusi komissiyaya təqdim edilməlidir.
Hazırlanmış material şəxsin sosial şəbəkə səhifəsində paylaşılmalı, Daxili İşlər Nazirliyinin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki səhifələri “tag” edilməli və müəllif tərəfindən izlənilməli, #narkotikəyoxdeyək #narkotikləmübarizədəpolisədəstəkolaq #narkotikmüsabiqə həştəqləri ilə birlikdə paylaşılmalıdır.
Materiallar 10 ballıq sistem üzrə qiymətləndirilir, maksimum 50 bal müəyyən olunur. Qiymətləndirilmədə video və fotoya baxış sayı da nəzərə alınacaq.
Müsabiqədə hər istiqamət üzrə üç qalib müəyyən ediləcək. İlk üç yerin qalibləri müvafiq olaraq, 1000, 500 və 300 manat məbləğində pul mükafatları ilə təltif ediləcəklər.
Ünvan: Bakı şəhəri, Azərbaycan prospekti 7. Əlaqə telefonları: (012) 590 98 44, (012) 590 99 07, elektron ünvan: [email protected]