CƏMİYYƏT
DİN-in İdman Cəmiyyətinin yetirmələri Rusiyada keçirilən beynəlxalq turnirdə uğur qazanıblar
Bakı, 14 noyabr, AZƏRTAC
Rusiyada Sovet İttifaqı Qəhrəmanı F.Qluxovun xatirəsinə həsr olunmuş XX beynəlxalq turnir keçirilib. Yarışda millimizin heyətində təmsil olunan Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin yetirmələri də uğurla mübarizə aparıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeniyetmələrin yarışında Cəmiyyətin boks bölməsinin yetirmələri Xaliq Məmmədov, Seyfi İsmayılzadə öz çəki dərəcələrində turnirin qalibi olublar. Nadir Babayev isə ikinci yeri tutub. Digər idmançılardan Zaur İmaməliyev, Uğur Qəribov fəxri kürsünün üçüncü pilləsinə qalxıblar. Z.İmaməliyev inamlı çıxışına görə “Qələbə əzminə görə” xüsusi kuboku ilə mükafatlandırılıb.
Gənc boksçuların yarışında isə Xanlar Pirverdiyev və Röyal Abbasov öz çəki dərəcələrində bürünc medal qazanıblar.
Komanda ümumi hesabda fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. İdmançıları yarışa Əməkdar Məşqçi Yadigar Məmmədov hazırlayıb.
DİN-in İdman Cəmiyyətinin təmsilçiləri paytaxtın bütün idman klub və cəmiyyətlərinin boks bölmələrinin yetirmələrinin qatıldıqları gənclərin Bakı birinciliyində də inamla mübarizə aparıblar. Yarışda Əflatun Babayev bütün rəqiblərinə qalib gələrək birinciliyin baş mükafatına layiq görülüb. Cahid Qurbanov isə fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.