SİYASƏT
“DOSTLUQ” JURNALI AZƏRBAYCAN HAQQINDA
Qazaxıstan Xalqları Assambleyasının orqanı olan “Dostluq” jurnalının son nömrəsində jurnalist Dinara Seysenovanın Azərbaycanın tarixi, etnoqrafiyası, ədəbiyyatı və incəsənəti ilə bağlı geniş materialı çap edilmişdir.
Ölkəmizin qədim tarixindən söhbət açan müəllif yazır:
- Azıx mağarası dünyada ən qədim insan məskənlərindən biridir. Bu mağara tapılanda bəşəriyyət bir daha əmin oldu ki, Azərbaycan qədim sivilizasiyaya malik, zəngin mədəni irsi olan bir ölkədir.
Məqalədə xalçaçılıq, ağac və daş üzərində oyma sənəti, milli mətbəximiz haqqında da geniş danışılır. Müəllif qeyd edir ki, Azərbaycanda plovun yüzdən artıq növü var, milli xörəklərimiz dolma, düşbərə, dovğa isə təkcə bizdə deyil, bir çox Şərq ölkələrinin restoranlarında bişirilir.
Məqalədə Azərbaycan folklorunun alqış, qarğış, inanc və ofsun janrları haqqında oxuculara məlumat verilir. Müəllif yazır:
- Azərbaycan üçün milli adət-ənənələrə qayğı ilə yanaşmaq olduqca xarakterikdir. Qədim bayramlarımız əvvəllər olduğu kimi, indi də bütün qeyd edilir. Qurban, Ramazan və Novruz bayramları əziz sayılır. Azərbaycanlılar novruz bayramında öz evlərini bəzəyir, ənənəvi bayram şirniyyatı hazırlayır, yumurta boyayır, şam yandırırlar.
Müəllif sonra məqalə Azərbaycanın şairləri, yazıçıları və musiqiçilərindən söhbət açır.
Materialın sonunda Qazaxıstanda yaşayan azərbaycanlılar haqqında danışılır. “Turan” konqresinin sədri Müseyib Novruzovla kiçik müsahibədə Azərbaycanla Qazaxıstan arasında əlaqələrin inkişafından bəhs edilir.
Qulu Kəngərli
AzərTac-ın xüsusi müxbiri
Almatı