Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“DÖVLƏT BORCU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının 2007-ci il 22 may tarixli 334-IIIQ nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.11-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Təminat Fondu – dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün yaradılan məqsədli büdcə fondu.”.

2. 13-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 13. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu

13.1. Azərbaycan Respublikasının dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu -Təminat Fondu yaradılır.

13.2. Dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondu aşağıdakı mənbələr hesabına formalaşır:

13.2.1. dövlət büdcəsindən ayrılan vəsait;

13.2.2. dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq. Haqqın miqdarı tələb edilən dövlət zəmanəti üzrə riskin dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir;

13.2.3. müvafiq icra hakimiyyəti orqanı ilə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar;

13.2.4. dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsində nəzərdə tutulan xərclərin il ərzində qənaət olunmuş hissəsi;

13.2.5. Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir;

13.2.6. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

13.3. Əsas borcalanın Təminat Fonduna köçürdüyü haqq dövlət zəmanəti verildikdən sonra geri qaytarılmır.

13.4. Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.”.

3. 14.1-ci maddənin ikinci cümləsində “Təminat hesabında” sözləri “Təminat Fondunda” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin