ORDU
DSX-nin “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib VİDEO
Bakı, 29 iyun, AZƏRTAC
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsindəki təmas xəttində dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi infrastrukturunun yaradılması tədbirləri sürətlə davam etdirilir. Sərhədçilər üçün ən müasir tələblərə cavab verən sərhəd döyüş məntəqələri, digər hərbi obyektlər qısa müddət ərzində tikilərək istifadəyə verilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyunun 28-də Xidmətin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin xidməti ərazisində yeni hərbi hissə kompleksi istifadəyə verilib.
Bu münasibətlə təşkil olunan təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, DSX-nin bütün şəxsi heyəti üçün Azərbaycan Respublikasının Prezidenti Silahlı, Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını icra etməyin böyük şərəf və məsuliyyət olduğunu bildirib. Elçin Quliyev Ali Baş Komandanın qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradıldığını qeyd edib.
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin DSX tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsi istiqamətində mühüm addım olduğunu xüsusi vurğulayan Xidmət rəisi Azərbaycan sərhədçilərinin işğal altındakı torpaqlarımızın azad edilməsinə ciddi töhfə verməyə hər zaman hazır olduqlarını bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.
Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif olunub.
Çıxışlardan sonra hərbi hissəyə baxış keçirilib.
Beş hektar ərazidə tikilən hərbi hissədə 14,6 min kvadratmetr sahədə inşaat işləri aparılıb. Burada xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Yeni hərbi hissədə qərargah və idarəetmə bölmələri üçün binalar kompleksi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının kazarma binaları, hərbi qulluqçular və ailə üzvləri üçün 84 xidməti mənzil, tibb məntəqəsi, texniki təyinatlı binalar, su anbarı inşa olunub.
Təntənəli mərasimin bədii hissəsində DSX-nin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, vokal-instrumental qrupunun ifaları, şəxsi heyət qarşısında çıxışları hərbi qulluqçular tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.
Səfər çərçivəsində təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti yoxlanılıb.