İQTİSADİYYAT
DÜNYA BANKI AZƏRBAYCANA İLK TRANŞI 2004-CÜ İLİN ORTALARINDA AYIRACAQ
Dünya Bankının Bakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu maliyyə təşkilatının Direktorlar Şurası yoxsulluğun azaldılması və iqtisadiyyatın inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizə 20 milyon dollar məbləğində ilk tranş ayrılmasını gələn ilin iyununda təsdiq edəcəkdir.
İndi Azərbaycan hökuməti bu kredit hesabına maliyyələşdiriləcək tədbirlər planının layihəsini hazırlayır.
Xatırladaq ki, üçillik layihənin ümumi dəyəri 60 milyon dollardır və bu vəsait hər il 20 milyonluq tranşlarla ayrılacaqdır. Proqram üç istiqamətdə həyata keçiriləcəkdir: qeyri-neft sektorunun inkişafına və burada iş yerlərinin yaradılmasına yardım; sosial xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və onlardan hamının istifadə etməsi üçün vahid şəraitin yaradılması ( təhsil, sosial müdafiə, səhiyyə sahələri); Dövlət Neft Fondunun ehtiyatlarından səmərəli istifadə.
Kreditin dövlət büdcəsi vasitəsilə reallaşdırılacağı nəzərdə tutulur.