MƏDƏNİYYƏT
Daşkənddə “Dünya sivilizasiyasının inkişafında türk dillərinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib
Daşkənd, 3 may, АZƏRTAC
Daşkənddəki Toxuculuq və Yüngül Sənaye İnstitutu (TYSİ) Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə “Dünya sivilizasiyasının inkişafında türk dillərinin rolu” adlı Beynəlxalq konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Azərbaycanın, Türkiyənin və Özbəkistanın elm, təhsil, mədəniyyət sahələrinin nümayəndələri iştirak edib.
Konfransı İnstitutun müəllimi Şaxnoza Nurbekova açaraq dünya sivilizasiyasının inkişafında türk dillərinin rolu və mövqeyi haqqında danışıb.
TYSİ-nin rektoru, professor İlhom Sabirov Özbəkistanın türk dünyasında öz yeri və mövqeyinin olduğunu bildirib, 2018-ci ildə ölkənin Türk Şurasına üzv olmasını mühüm hadisə adlandırıb.
Samir Abbasov bildirib ki, bu dildə Məhəmməd Füzuli, Əlişir Nəvai, Yunus Əmrə, İmadəddin Nəsimi, Babur, Xarəzmi və digər ədib və filosoflar böyük əsərlər yaradıb. O deyib ki, türk dilində Orxon-Yenisey kitabələri, Mahmud Kaşqarinin “Divani-lüğəti-it türk” əsəri, “Dədə Qorqud”, “Koroğlu”, “Alpamış”, “Manas” kimi məşhur dastanlar ortaya qoyulub.
Sonra S. Abbasov Mədəniyyət Mərkəzinin bu istiqamətdə gördüyü işlər haqqında məlumat verib, deyilib ki, Nizami Gəncəvinin “Xəmsə”si Özbəkistanın Xalq şairi Camal Kamalın tərcüməsində özbək dilində işıq üzü görüb. Professor Ramiz Əskər Əlişir Nəvainin “Xəmsə”sini Azərbaycan dilinə çevirib və çapını gözləyir.
AMM-in direktoru dilimizin qorunması, dilimizə müstəqillikdən əvvəl daxil edilmiş yabançı sözlərin çıxarılması, onların ortaq türk sözləri ilə əvəzlənməsi, türk xalqlarının dillərinin bir-birinə yaxınlaşdırılması məqsədilə islahatların aparılması və bu istiqamətdə Türk Şurası dövlətlərinin dilçi alimlərinin sıx əməkdaşlıq etməsi və s. barədə təkliflərlə çıxış edib.
Qənirə Paşayeva xalqların formalaşmasında dil və mədəniyyətin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Deputat türk xalqlarının coğrafiyası haqqında danışaraq deyib ki, biz bu torpaqların sahibləri, yerli xalqlarıyıq.
Q.Paşayeva son 30 ildə bu xalqların öz kökünə qayıtması istiqamətində böyük yol qət etdiyini vurğulayıb.
Bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunduğunu bildirən deputat bu istiqamətdə görülən işlər və həyata keçirilən tədbirlər haqqında da söhbət açıb.
Qənirə Paşayeva vurğulayıb ki, Ermənistanın işğalından azad olunan qədim Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Deputat sonda ortaq türk keçmişindən ortaq türk gələcəyinə gedən yolda bütün tük soylarına uğurlar arzulayıb.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı bildirib ki, bu qurumun üzvü olan dövlətlərdə türk dünyasının dahi şəxsiyyətləri ilə bağlı konfranslar və digər tədbirlər keçirilib. 2020-ci ildə Özbəkistanın qədim Xivə şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunduğunu diqqətə çatdıran E.Qafarlı pandemiya səbəbindən Xivədə tədbirlərin keçirilmədiyini bildirib.
Türkiyənin Özbəkistandakı səfirliyinin mədəniyyət, turizm və mətbuat məsələləri üzrə attaşesi Alparslan Akınçı, Türkiyənin Sakarya Universitetinin professoru Xəlil İbrahim Balkol, şair-publisist Əkbər Qoşalı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Kərim Məmmədzadə, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənddəki İrriqasiya Mühəndisləri və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Universitetinin müəllimi Rano Kadırova, dosent Gülbahar Aşurova və başqaları türk dünyasının tarixi, mədəniyyəti, ədəbiyyatı, həmçinin dünya dövlətləri arasında bu ölkələrin yeri və mövqeyi haqqında söhbət açıblar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd