CƏMİYYƏT
Daxili İşlər Nazirliyinin rəsmi “Telegram” səhifəsi fəaliyyətə başlayıb
Bakı, 28 iyul, AZƏRTAC
Sosial şəbəkə istifadəçiləri artıq daxili işlər orqanlarının gündəlik fəaliyyəti barədə “Telegram”dan da məlumatlar əldə edə biləcəklər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə nazirliyin sosial şəbəkələrdə yaradılmış rəsmi səhifələri dörd ilə yaxındır fəaliyyət göstərir.
Artıq iyulun 28-dən Daxili İşlər Nazirliyinin rəsmi “Telegram” səhifəsi də fəaliyyətə başlayıb, ictimaiyyət və izləyicilər üçün açıqdır.
Səhifəmizdə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktik tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi” (https://t.me/polisazerbaycan) adı ilə yaradılan səhifəyə nəzər salmaqla daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, əməliyyat, xidməti fəaliyyəti, fiziki, döyüş və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar, eləcə də həyata keçirilən profilaktik tədbirlər, ictimaiyyətlə görüşləri və digər mövzularda müxtəlif səpkili materiallarla tanış olmaq mümkündür.