ORDU
Daxili Qoşunların komandanı Belarusda səfərdə olub
Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin birinci günü general-mayor Şahin Məmmədov Belarusun daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Yuri Karayevlə görüşüb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Y.Karayev iki ölkənin Daxili Qoşunları arasında yaranmış əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
General-mayor Ş.Məmmədov səmimi və qonaqpərvər görüş üçün təşəkkürünü bildirərək, Belarus Respublikasına bu səfərin əməkdaşlığın uğurlu inkişafına töhfə verəcəyini vurğulayıb.
Səfər çərçivəsində general-mayor Ş.Məmmədov Belarus Respublikasının daxili işlər naziri, milis general-mayoru İqor Şuneviç ilə də görüşüb. Görüş zamanı İqor Şuneviç Belarusun və Azərbaycanın müvafiq qurumları arasında münasibətlərin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
Səfər proqramına uyğun olaraq, Azərbaycan nümayəndə heyəti Belarus Respublikasının Daxili Qoşunlarının müxtəlif təyinatlı hərbi hissələrində xidməti-döyüş fəaliyyəti ilə tanış olub.
Nümayəndə heyəti, həmçinin Belarusun tarixini əks etdirən muzey kompleksini və bu ölkənin Daxili Qoşunlarının mərkəzi muzeyini ziyarət edib.