ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunun əməkdaşları zərərverici həşəratlar üzərində tədqiqat aparırlar
Bakı, 3 iyun, AZƏRTAC
AMEA Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyasının elmi işçiləri Elman Yusifov və Nigar Yusifova Abşeron yarımadasının bağ və parklarında təbii və mədəni bitkilərdə rast gəlinən zərərverici həşəratlar üzərində tədqiqat aparırlar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat zamanı 4 növ həşərat aşkarlanaraq onların təsnifatı, bioekoloji xüsusiyyətləri, vurduğu zərərin dərəcəsi müəyyənləşdirilib. Araşdırmalar göstərib ki, qeyd edilən ərazidə əsasən Scarabaeidea fəsiləsinə aid 4 növ lövhəbığ böcəyə rast gəlinir. Bunlar zolaqlı xırıldaq (Blitopertha lineata), qızılı parıldaq (Cetonia aurata), Zaqafqaziya mayböcəyi (Melolontha pectoralis) və çilli maralça (Oxythyrea funesta) böcəkləridir.
Bu həşəratlar əsasən mürəkkəbçiçəklilər (Asteraceae) fəsiləsinin nümayəndələrinə ziyan vurur. Tədqiqatlar zamanı müəyyən edilib ki, qızılı parıldaq ənginar kollarına, zolaqlı xırıldaq gülümbahar bitkisinin çiçəklərinə, Zaqafqaziya mayböcəyi və çilli maralça isə gözəl qaylardiya, taclı qızılçətir, adi turacotu, duzlaq asteri bitkilərinin çiçəklərinə, itburnu və qızılgül kollarına zərər verir.