İQTİSADİYYAT
Dəniz Akademiyasının tələbələri Qara dənizdə üzən gəmilərdə təcrübə keçiblər
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 6 tələbəsi Qara dənizdə üzən gəmilərdə təcrübə keçib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, regionda dənizçilik sahəsində yeganə ali təhsil müəssisəsi olan ADDA-da tələbələrin savadlı mütəxəssis kimi yetişməsi gəmiçiliyin perspektivli, bilikli kadrlarla təminatında əhəmiyyətli rol oynayır. Məhz bu səbəbdəndir ki, gəmiçiliyin rəhbərliyi Dəniz Akademiyasının təhsildə uğurlu nəticələrlə fərqlənən məzunlarının işlə təmin olunmasına, onların karyera inkişafına, əlavə təhsil almasına, habelə sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir.
Gəmiçiliyin strateji inkişaf planlarına uyğun olaraq, Xəzərdən kənarda istismar edilən gəmilərin sayı getdikcə artdığından, gənc dənizçilərin yetişdirilməsi zamanı onlara digər hövzələrin də təcrübəsini aşılamaq zərurəti yaranıb. Bunu nəzərə alaraq, dənizçi kadrların beynəlxalq standartlara uyğun inkişafını təmin etmək məqsədilə artıq ikinci ildir ki, ADDA-nın tələbələri Qara dənizdəki gəmilərə üç aylıq yay üzmə təcrübəsinə göndərilir.
2016/2017-ci tədris ilində də təhsil və nizam-intizam göstəricilərinə, şəxsi keyfiyyətlərinə əsasən seçilmiş və gəmiçiliyin rəhbərliyi ilə müsahibədən keçmiş ADDA-nın 6 tələbəsi Qara dənizdə üzən gəmilərdə (“Şair Vaqif”, “Qaradağ” və “Maestro Niyazi”) təcrübə keçiblər. Həmin tələbələr bu günlərdə Bakıya qayıdıblar.
Tələbələrin sözlərinə görə, təcrübə olduqca maraqlı və faydalı keçib. Onlar əmindirlər ki, kamil mütəxəssis kimi yetişmələrində istehsalat təcrübəsində mənimsədikləri biliklər böyük rol oynayacaq.
Xatırladaq ki, gəmiçiliyin yaratdığı bu imkandan ötən il dörd tələbə yararlanıb. Gələcəkdə təcrübəyə göndərilən tələbələrin sayı artırılacaq. Belə ki, növbəti il ən azı 8-10 dənizçinin bu layihəyə cəlb edilməsi nəzərdə tutulur.
Üç aylıq təcrübə müddətində bütün xərcləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üzərinə götürür.