CƏMİYYƏT
Dənizkənarı Milli Parkda piylənmə ilə mübarizə gününə həsr olunmuş xeyriyyə aksiyası keçirilir
Bakı, 18 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin Milli İdman və Reabilitasiya İnstitutu 18 may - piylənmə ilə mübarizə günü münasibətilə Dənizkənarı Milli Parkdakı Saat qülləsinin yaxınlığında xeyriyyə aksiyası təşkil edib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində müraciət edən sakinlər müayinə olunublar. Laborator müayinələrlə artıq çəki və piylənmə problemləri aşkarlanan şəxslərə müxtəlif ixtisaslı həkimlər tərəfindən tövsiyələr verilib.
Artıq çəki və piylənmə müasir dövrdə bütün dünyada cəmiyyət və səhiyyə qarşısında duran ən böyük problemlərdən biridir. Piylənmə ürək-damar xəstəlikləri, insult, şəkərli diabet, metabolik sindrom, mədə-bağırsaq problemləri, tənəffüs sistemi xəstəlikləri, sonsuzluq, xərçəng kimi bir çox xəstəliklərin yaranmasına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 1975-ci ildən indiyədək dünyada piylənmədən əziyyət çəkənlərin sayı üç dəfə artıb. Ölkəmizdə kişilərin 50,6 faizi, qadınların isə 60,1 faizi artıq çəkidən əziyyət çəkir. Dünyanın əksər ölkələrində olduğu kimi, bu qəbildən olan insanların da sayı gündən-günə artır. İctimaiyyətin diqqətini bu problemə cəlb etmək məqsədilə 2010-cu ildən etibarən hər ilin mayında Avropa ölkələrində piylənmə ilə mübarizə günü keçirilir.
Aksiya haqqında məlumat verən Azərbaycan Tibb Universitetinin dosenti, Milli İdman və Reabilitasiya İnstitutunun tibb işləri üzrə müavini Rəhimə Qabulova bildirib: “Bugünkü aksiyanın əsas məqsədi paytaxt sakinlərinin diqqətini bu problemə yönəltməkdir. Bu gün biz bir sıra həkim heyətini xeyriyyə aksiyasına cəlb etmişik. Müayinədən keçənlərin arasında kifayət qədər problemi olan insanlar aşkarlandı. Bəzi insanlar xəstəliklərindən xəbərdardırlar. Lakin elələri də oldu ki, öz xəstəliklərini ilk dəfə burada öyrəndilər. Çalışacağıq ki, bu cür aksiyaları gələcəkdə də davam etdirək. Növbəti aksiyanı noyabrda təşkil etməyi planlaşdırırıq”.