SİYASƏT
Deputat: Anna Akopyanın Dağlıq Qarabağda qadınları hərbi təlimlərə cəlb etməsi növbəti təxribatdır
Bakı, 4 sentyabr, AZƏRTAC
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı, "Qadınlar sülh uğrunda" təşkilatının müəllifi Anna Akopyanın təşəbbüsü ilə erməni qadınlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində hərbi təlim keçmələri müharibəyə açıq çağırışdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat bildirib ki, əslində tətiyin kimə tərəf tuşlandığı aydındır və illərdir Azərbaycana qarşı hərbi təxribatlar törədən Ermənistanın müharibə iştahasının gündən-günə artmasının səbəbləri də bəllidir: “Bundan əvvəl sülh çağırışları edən və öz cinayətkar əməllərinə qurban gedən insanlar üçün göz yaşı axıtmaqdan belə utanmayan Anna Akopyanın qadınları hərbi təlimlərə cəlb etməsi növbəti təxribat əməlidir. Qadınları qan tökülməsinin və müharibənin qarşısına sipər çəkməyə səsləmək əvəzinə, hərbi əhval-ruhiyyəyə yükləməsı Paşinyan ailəsinin mahiyyətini ortaya qoyur”.
Sevil Mikayılovanın sözlərinə görə, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarından öz ordularını çıxarmaq əvəzinə qadınları da hərbiləşdirmək planları Ermənistanın işğalı möhkəmləndirməkdə israrlı olduğunu bir daha göstərir. Adı siqaret qaçaqmalçılığında hallanan A.Akopyanın Dağlıq Qarabağda “vətənpərvər” çıxışlar etməsi son günlər özü və qardaşı haqqında yayılan xəbərlərdən ictimai diqqəti yayındırmaq məqsədi güdür.
Deputat vurğulayıb ki, Nikol Paşinyan hakimiyyəti altında ölkənin məqsədli silahlanması və hərbi bloklara cəlb edilməsi həm də Ermənistanı gələcəkdə məkrli geosiyasi planların iştirakçısına çevirmək arzusundan doğur: “Ölkədaxili vəziyyətin kritik olması, siyasi həbslər, hakim ailənin üzvlərinin qaçaqmalçılıq və digər qeyri-qanuni əməllərdə hallanması və bütün bunların fonunda Paşinyanın sürətlə düşən reytinqi sözsüz ki, ölkənin siyasi elitasını milli maraqları kənara qoyaraq, şəxsi maraqlardan çıxış etməyə vadar edir. A.Akopyanın sülhə zərbə vuran belə hərəkətləri hiddət doğurur və sülh əvəzinə hərb toxumları səpmək niyyətini sərgiləyir”.