CƏMİYYƏT
Deputat: Dövlətimizin başçısının yürütdüyü siyasət Azərbaycan dilinin inkişafına da öz töhfələrini verir
Bakı, 28 iyul, AZƏRTAC
Ana dilimiz milli kimliyimizin, milli varlığımızın ən mühüm göstəricilərindən biridir. Eyni zamanda, dilimiz milli birliyimizi gücləndirən əsas amillər sırasındadır. Ona görə də ulu öndərimiz Heydər Əliyev hər zaman dil məsələsinə xüsusi önəm verirdi.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, 1969-cu ildən başlayaraq Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində görülən işlər öz nəticəsini verməyə başladı. Belə ki, ümummilli lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi Ulu Öndərin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir”, - deyən Ümummilli Liderin qətiyyəti nəticəsində 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsbit edən maddə daxil edildi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Bu, dilimizə qarşı olan tələbkarlıq idi. Qeyd etməliyik ki, məhz həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" nəşri yaradılıb.
“Azərbaycan müstəqillik qazandıqdan sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Ulu Öndər Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü haqqında Fərman imzaladı. Ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yeni imkanlar açıldı. Daha sonra imzalanan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncam da milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdən biri oldu”, - deyən F.Yıldırım qeyd edib ki, 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişafı, dünya azərbaycanlılarının dilimizlə bağlı milli-mədəni ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım oldu.
“Ulu öndər Heydər Əliyevin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən dövlətimizin başçısının dilimizin inkişafı istiqamətində yürütdüyü siyasət Azərbaycan dilinin təkmilləşməsinə öz töhfələrini verir. Dövlətimizin başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında", "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamları, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür”, - deyə Fatma Yıldırım vurğulayıb.