SİYASƏT
Deputat: Erməni vandalları işğal altında saxladıqları əraziləri bilərəkdən minalayıblar
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Dağlıq Qarabağ münaqişəsinini həlli istiqamətində yeni dönüş nöqtəsi oldu. Tarixi ədalət, beynəlxalq hüquq prinsipləri bərpa edildi. Öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan regionda təhlükəsizliyin, sülhün bərqərar olması üçün mühüm addım kimi tarixə düşən üçtərəfli bəyanatda əksini tapmış məsələlərin həlli istiqamətində konkret addımlar müəyyənləşdirdi. İşğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat və infrastruktur layihələri sürətlə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, tarix boyu Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti həyata keçirən Ermənistan hakimiyyəti yenə də faşist ideologiyasından əl çəkmək istəmir. Azərbaycanın torpaqlarının 20 faizini işğal edərək 1 milyondan çox əhalisini doğma yurdundan didərgin salan işğalçı Ermənistan hakimiyyəti bir çox beynəlxalq təşkilatların çağırışlarına, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə məhəl qoymayaraq hələ də işğalçı mövqedə qalır. Ali Baş Komandanımızın qətiyyəti, müzəffər Ordumuzun gücü ilə işğaldan azad olunmuş ərazilərdə minalanmış sahələrin xəritəsini Azərbaycan tərəfinə verməli olan Ermənistan terror siyasətini davam etdirir.
Erməni vandalları 30 il ərzində işğal altında saxladıqları ərazilərə, o cümlədən qəbiristanlıqlara, su hövzələrinə, cığırlara, keçidlərə, mümkün ola biləcək sahələrə mina və partlamamış mərmiləri bilərəkdən basdırıblar. Minalanmış ərazilərin xəritələrinin Azərbaycana təqdim edilməməsi indiyədək 14 insanın ölümünə, 60-dan çoxunun isə yaralanmasına səbəb olub. Bu da 44 günlük müharibənin qalibi - Azərbaycanın Böyük Qayıdış planının reallaşdırılmasına, erməni vandallarının qadağan olunmuş silahlarla dağıtdığı şəhərlərimizdə, yurd yerlərimizdə tikinti-quruculuq, abadlıq işlərinin həyata keçirilməsinə yönəlmiş cinayətdir.
Ermənistan başına dəymiş dəmir yumruqdan düzgün nəticə çıxarmalı minalanmış sahələrin sxemlərini və xəritələrini Azərbaycana verməlidir. İnsanlığa qarşı ən ağır cinayətlər - dinc əhalinin vəhşicəsinə kütləvi qırğınına əl atmaqdan yorulmayan barbar ermənilər yeni qətliamlara imza atmamaq üçün barbarlıqlarından, vandallıqlarından əl çəkməlidirlər.