İQTİSADİYYAT
Deputat: Horadiz-Ağbənd dəmir yolu işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq
Bakı, 27 aprel, AZƏRTAC
Horadiz-Ağbənd dəmir yolunun istifadəyə verilməsi işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulduğunu və bu dəmir yolunun Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcəyini bəyan edib. Ümumi uzunluğu 100 kilometr olan dəmir yolu xətti ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq.
“Artıq dəmir yolunun inşası ilə bağlı işlər gedir. Bu dəmir yolu xətti işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq və vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər. Bərpa və yenidənqurma prosesindən sonra işğaldan azad olunan ərazilərimizə getmək istəyənlərin sayının çox olacağını nəzərə aldıqda bu nəqliyyat infrastrukturunun üstünlüklərini təsəvvür etmək çətin olmaz.
Dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi kontekstində dəhlizin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirir. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, “Şərq-Qərb” nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq. Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq. Zəngəzur dəhlizi ilə yalnız dəmir yolu deyil, eyni zamanda, avtomobil yolunun da istifadəyə veriləcəyi gözlənilir", - deyə V.Bayramov diqqətə çatdırıb.