CƏMİYYƏT
Deputat: Ölkəmizdə Qurban bayramının layiqincə keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 20-21-də ölkəmizdə müqəddəs Qurban bayramıdır. Bütün dünya müsəlmanları tərəfindən qeyd edilən bu bayram İslam dininin ən müqəddəs bayramlarından biri hesab olunur. Bəşəriyyəti sülhə, ədalətə, bərabərliyə səsləyən İslam dini öz bayramları ilə insanlar arasında mərhəməti, həmrəyliyi, xeyirxahlığı təcəssüm etdirir. Qədim tarixə və mədəniyyətə malik olan xalqımız İslam dünyasının bir parçası kimi bu bayramı dini qaydalara uyğun olaraq hər il böyük Allah sevgisi ilə qeyd edir, qurbanlar kəsir, imkansız ailələrə yardımlar edilir, xeyirxah əməllər təbliğ olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
O bildirib ki, çətin və böyük siyasi təzyiqlərə, mürəkkəb tarixi şəraitlərə baxmayaraq, xalqımız bu dini bayramı qoruyub saxlayıb. Müstəqillik bərpa edildikdən sonra isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bu bayram rəsmi şəkildə qeyd olunmağa başlanıldı. Bayramın xalqımız tərəfindən layiqincə keçirilməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Bu da digər məsələlərdə olduğu kimi, xalq və dövlət birliyinin, vəhdətinin təzahürüdür. Bu bayram günündə ehtiyacı olan şəxslərə, həssas əhali qruplarına, uşaq və qocalar evlərinə yardımlar edilir. Bu xeyriyyə işində Heydər Əliyev Fondunun və Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulamaq istərdim.
Deputat qeyd edib ki, Azərbaycan yeganə ölkədir ki, burada mövcud olan bütün dinlərin nümayəndələri üçün azad və bərabər imkanlar yaradılıb, dini plüralizm, tolerantlıq bütün tərəfləri ilə bərqərar olub. İstər xristian, istər yəhudi, istərsə də İslam dininə aid dini ayinlər sərbəst şəkildə icra olunur və bayramlar qeyd edilir. Bu mötəbər günlərdə dini konfessiyaların nümayəndələri vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, bir-birilərini təbrik edirlər. Bu da vahid xalqımızın mənəvi birliyinin əlamətidir.
“Ulu öndər Heydər Əliyev dini bayramlar zamanı həmişə xalqın yanında olmuş, rəsmi olaraq təbrik etmiş, mötəbər dini tədbirlərdə iştirak etmişdir. Onun prezidentliyi dövründə bilavasitə Ulu Öndərin təşəbbüsü ilə onlarla məscid tikilmiş və bərpa edilmişdir. Digər dinlərin nümayəndələri də həmişə dövlət qayğıları ilə əhatə olunmuşdur. Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin formalaşmasına, İslam dəyərlərinin dünyada təbliğinə nümunəvi töhfələr verir. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi bunun əyani sübutudur. Bundan başqa, 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması Azərbaycanın İslam dininə və mədəniyyətinə verdiyi böyük dəyərdən xəbər verir”, - deyə AHİK sədri vurğulayıb.
Bildirilib ki, hər il Qurban bayramında xalqımız Uca Yaradandan torpaqlarımızın işğaldan azad olunmasını, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını diləyir, bu arzularına qovuşması üçün Allah yolunda qurbanlar niyyət edirdilər. Vətən uğurunda döyüşməyə, bu yolda canından keçməyə hər zaman hazır olan xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək işğal altında olan torpaqlarımızı azad etməklə bu arzusunu reallaşdırdı. Qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir. Dövlətimizin başçısının göstərişinə əsasən, işğal altından azad edilmiş torpaqlarda, ilk olaraq, Ermənistan tərəfindən dağıdılmış dini abidələrin bərpasına başlanıldı. Bu, Azərbaycanın tolerant ölkə olduğunu və bu məsələyə necə böyük diqqət yetirdiyini bir daha göstərir”, - S.Möhbalıyev qeyd edib.