SİYASƏT
Deputat: Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycana gələcəkdə daha böyük nailiyyətlər qazandıracaq
Bakı, 11 aprel, AZƏRTAC
2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Prezident İlham Əliyevin 15 il ərzində gördüyü işlərin xalqımız tərəfindən növbəti dəfə yüksək qiymətləndirilməsi və ona etimad göstərilməsi xalq-iqtidar birliyinin bariz nümunəsidir. Xalqın Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevi alternativsiz və uzaqgörən lider kimi qəbul etməsi onun uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mirzəcan Xəlilov deyib.
Deputat bildirib ki, prezident seçkilərindən keçən bir il ərazində Azərbaycan ictimaiyyəti bir daha ölkə rəhbərinin bütün istiqamətlərdə fəaliyyətinin əsas məqsədinin xalqımızın rifahının yüksəldilməsindən ibarət olduğunu gördü. Azərbaycanda dövlət-xalq birliyi daha da gücləndi. Bu isə dövlət idarəçiliyini xalqın istək və gözləntilərinə uyğun həyata keçirmək imkanlarını genişləndirir.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirir. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Son illərdə reallaşdırılan ən mühüm layihələrdən olan, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən, Prezident İlham Əliyevin XXI əsrin layihəsi adlandırdığı Cənub Qaz Dəhlizi layihəsi isə enerji əməkdaşlığımızı genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək. Digər nəhəng layihə olan və “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradır. 2018-ci ildə may və iyul aylarında Cənub Qaz Dəhlizi və TANAP layihələrinin təntənəli açılış mərasimləri keçirilib. Türkiyə ilə dostluğun, qardaşlığın daha bir nümunəsi kimi, ötən ilin payızında “STAR” neft emalı zavodunun tarixi açılış mərasimi keçirildi ki, bunlar da nəticə etibarilə Azərbaycanın regionun və bütövlükdə dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırıb. Xəzərin hüquqi statusuna dair Konvensiyanın təsdiq olunması da mühüm hadisələr sırasındadır. Təbii ki, bu mühüm hadisələrdə Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin müstəsna xidmətləri var.
2019-cu ilin əvvəlindən dövlət başçısının sosial sahədə inqilabi addımlar atdığını deyən deputat qeyd edib ki, uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı da əhəmiyyətli dərəcədə yüksəlib. Dövlət başçısının bu istiqamətdə verdiyi qərarlar xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycana gələcək illərdə daha böyük nailiyyətlər qazandıracaq.