Deputat: Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə vəhdət təşkil edir
AzerTAg.az

Bakı, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir. Hər il Ulu Öndərin anım günü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. Tarixdə elə şəxsiyyətlər var ki, adı və əməlləri dünya durduqca yaşayacaq, gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşələ çevriləcəkdir. Adı müasir bəşər tarixinə qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Misilsiz xidmətləri ilə xalqın liderinə çevrilən Heydər Əliyev həyatını risklərə ataraq bütün fəaliyyətini Azərbaycanın çiçəklənməsi, inkişafına həsr edib. Milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi onun əsas xarakterik xüsusiyyətləri sırasında idi. Məhz bunun sayəsində Ulu Öndər harada olursa-olsun, hadisələrin fövqünə qalxmış, idarəçilik qabiliyyətini reallaşdırmış, fenomen lider imicini qorumuşdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tamam Cəfərova bildirib.
T.Cəfərova diqqətə çatdırıb ki, Ulu Öndərin şəxsiyyətinin və fəaliyyətinin mahiyyətinin dərk olunması 40 ilə yaxın müddətdə Azərbaycan ətrafında cərəyan etmiş hadisələrin təbiətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub.
“Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 illik tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox fitri keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir”, - deyə T.Cəfərova vurğulayıb.
Deputat qeyd edib ki, müstəqillik dövründə Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dönəm inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Bir sözlə, ölkəmizin bugünkü reallıqları Ümummilli Liderin qüdrətli Azərbaycan arzusunun gerçək olduğunu göstərir.
Xəbərin mətnində orfoqrafik səhv var