MƏDƏNİYYƏT
Dijana Dapeviç: Azərbaycan və Makedoniyanın müsabiqədə layiqli yerlərə sahib olacaqlarına inanıram VİDEO
Kopenhagen, 5 may (AZƏRTAC). Azərbaycan və Makedoniyanın müsabiqədə şansları böyükdür. Bunu jurnalistlərin və müsabiqəni izləmək üçün dünyanın müxtəlif ölkələrindən gəlmiş fanatların bizə olan marağı təsdiqləyir.
Bu sözləri Makedoniyanı “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edən xanım Dijana Dapkeviç AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir.
Səhnədə fərqli bir performans göstərən müğənni mahnının sözlərindəki kimi, sevginin insanlara çatdırılmasının vacibliyini vurğulamış, musiqidə caz janrının çalarlarından da istifadə edildiyini qeyd etmişdir.
Makedoniyalı Dijana Dapkeviç finalda çıxış etmək üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edərək demişdir: “Əminəm ki, Makedoniya bu il də finalda olacaqdır. Mahnımız güclüdür. Avropa tamaşaçılarının bizim mahnıya marağı böyükdür.
Dilarə Kazımovanın şansına gəldikdə, təbii ki, həmkarımın performansı möhtəşəmdir. Mahnıda sevgidən bəhs olunur. Mən Azərbaycanı çox sevirəm. Mənim dostum Kaliopi 2012-ci ildə Makedoniyanı Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsində təmsil etmişdir. O, Bakının yüksək səviyyədə müsabiqəyə ev sahibliyi etdiyini, şəhərinizin gözəl olduğunu, burada Şərq və Qərb mədəniyyətinin çalarlarının bir-birinə qovuşduğunu dedi. Bakıya səfər etmək arzusundayam”.
Makedoniya təmsilçisi, həmçinin Azərbaycandan 12 xal gözlədiklərini demişdir.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen