ELM VƏ TƏHSİL
Dilçilik İnstitutuna doktorantura və dissertantura hazırlığı üzrə 44 nəfər sənəd verib
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən gənclərlə və gənc alimlərlə görüş keçirilib. Görüşdə institutun Elmi şurasının qərarı əsasında yaradılmış komissiyanın üzvləri iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən müəssisənin baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli təhsilin hər pilləsində, o cümlədən doktorantura və dissertanturada bütün proseslərin tamamilə şəffaf aparıldığını qeyd edib. Professor gənclərə elmi işlərlə bağlı mövzu seçimi və işlərin aparılmasında, elmi tədqiqatlarda məsuliyyətli olmağı tövsiyə edib. Bildirilib ki, müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər ingilis dili imtahanlarında iştirak etmək imkanı qazanacaqlar.
Qeyd edilib ki, bu il Dilçilik İnstitutunun Təhsil şöbəsinə doktorantura və dissertantura hazırlığı üzrə 44 nəfər sənəd verib.