ELM VƏ TƏHSİL
Dillər Universitetində “Heydər Əliyev və müasir gənclik” mövzusunda konfrans keçirilib
Bakı, 21 aprel, AZƏRTAC
Aprelin 21-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və müasir gənclik” mövzusunda konfrans keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb.
Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edən prorektor Ulu Öndərin gənclərə və təhsilə daim xüsusi diqqət göstərdiyini xatırladıb.
Müdrik şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin əhəmiyyəti diqqətə çatdırılıb, Ümummilli Liderin ideyalarının əbədiyaşar olduğu vurğulanıb.
“Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin direktoru Fəxrəddin Həsənzadə, professor Məhəmməd Teymurlu və digər çıxış edənlər ulu öndər Heydər Əliyevin gənclər siyasətinin əhəmiyyətindən danışıb, eyni zamanda, gənclərin elm və təhsil, mədəniyyət və idman sahələrində əldə etdikləri nailiyyətləri xatırladıblar.
Natiqlər Ümummilli Liderin böyük xilaskarlıq rolundan bəhs ediblər.
Sonra tələbələrin Ulu Öndərə həsr etdikləri videoçarx nümayiş olunub.