MƏDƏNİYYƏT
Dina Tumarkina: Yenidən doğma teatrın səhnəsindəyəm
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 2-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Azərbaycanın Xalq Artisti, Dövlət mükafatı laureatı Dina Tumarkina ilə görüş olub.
AZƏRTAC xəbər verir ki, tədbir “Azİz” - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası ilə birlikdə təşkil edilib.
D.Tumarkina 1990-cı illərin əvvəlində İsrailə köçüb və orada peşə fəaliyyətini davam etdirib. Hazırda o, “Azİz” ilə əməkdaşlıq edir.
Səhnədə çıxış edən aktrisa qonaqları salamlayıb və xatirələrini bölüşüb. O deyib: “Bu gün məni xatırlayan hər kəsə təşəkkür edirəm. Qırx ildən çox çıxış etdiyim səhnədə mən çox gözəl aktyorların, rejissorların - Məhərrəm Haşımovun, Pyotr Jarikovun, Konstantin Myakişevin, Kseniya Babiçevanın, Mehdi Məmmədovun, Pyotr Yudinin səslərini eşitmişəm. Həyat mənə çox gözəl həmkarlar bəxş edib. Onların hər biri barəsində ayrıca danışmaq istəyirəm. Bu səhnədə olan insanların istedadı indiki nəslin gözəl aktyorlarında davam edir. Teatrımızın ənənələrini davam etdirmək böyük səadətdir”.
Aktrisa qeyd edib ki, Rəşid Behbudovla bir səhnəni bölüşüb, Müslüm Maqomayevin konsertlərinin aparıcısı olub. O, Azərbaycan ilə, doğma teatrla görüş sevincini ona bəxş etmiş Azərbaycanın Birinci vitse-prezidentinə təşəkkür edib.
Gecə ərzində müxtəlif ölkələrdən aktrisaya ünvanlanmış teleqramlar oxunub. Qonaqlar D.Tumarkinaya hədiyyələr təqdim ediblər və aktrisanın istedadına ehtiramın əlaməti olaraq onu çiçəklərə qərq ediblər.
Görüşün sonunda Xalq Artisti tamaşaçıların suallarına cavab verib.