DÜNYA
“Disney+” servisinə bir gündə 10 milyona yaxın insan abunə olub
Bakı, 14 noyabr, AZƏRTAC
İstifadəyə verildiyi bir sutka ərzində təxminən 10 milyon insan “The Walt Disney Company” kompaniyasının yeni “Disney+” online-servisinə abunə olub.
AZƏRTAC “Variety” nəşrinə istinadla xəbər verir ki, bazar analitikləri yeni online-servisin ilin sonunadək 8 milyondan çox istifadəçi toplayacağını proqnozlaşdırırdı. İlk yeddi gün ərzində servis pulsuz fəaliyyət göstərəcək və indi abunə olanlar çox güman ki, ayda 6,99 dollarlıq abunə haqqını ödəməyəcək.
Online-platforma noyabrın 12-də ABŞ-ın Şərq sahili vaxtı ilə saat 06:00-da istifadəyə verilib. Servisə “Disney”, “Pixar”, “Marvel”, “LucasFilm” studiyaları tərəfindən müxtəlif vaxtlarda çəkilmiş yüzlərlə kinofilm, həmçinin bu platforma üçün hazırlanmış yeni film və seriallar yerləşdiriləcək.
“Disney+” əvvəlcə yalnız ABŞ, Kanada və Niderlandda, sonra isə bir sıra digər ölkələrdə işləyəcək. “The Walt Disney Company” kompaniyası iki il ərzində onun dünyanın əsas regionlarında fəaliyyət göstərəcəyini bildirib.