ELM VƏ TƏHSİL


Doktorluq elmi dərəcəsi almış ilk azərbaycanlı riyaziyyatçı

Bakı, 14 yanvar AZƏRTAC.

Milli riyaziyyat məktəbimizin banilərindən olan Zahid Xəlilovun elmə gətirdiyi yeni istiqamətlər və ideyalar riyaziyyat elmini zənginləşdirib, bir çox alimlərin yetişməsinə təkan verib. Əsərləri dünyanın bir sıra ölkələrində nəşr edilib. SSRİ-də ilk “Funksional analiz” dərsliyini yazıb. Konkret tətbiqi əhəmiyyətli məsələlərin həlli üçün yeni metodlar yaratması Zahid Xəlilovun elmi yaradıcılığının xarakterik cəhətlərindən olub.

AZƏRTAC xəbər verir ki, yanvarın 14-də Əməkdar elm xadimi, akademik Zahid Xəlilovun anadan olmasının 108 ili tamam olur.

Zahid İsmayıl oğlu Xəlilov 1911-ci il yanvarın 14-də Tiflisdə anadan olub. 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat bölməsinə qəbul edilib. Elmi fəaliyyətə 1937-ci ildə Tbilisidə Stefan Berqmanın rəhbərliyi altında aspirant kimi başlayıb, sonralar SSRİ Elmlər Akademiyasının (EA) akademiki N.Musxelişvilinin rəhbərliyi altında elastiklik nəzəriyyəsi ilə məşğul olub. Onun bu sahədə əldə etdiyi nəticələr 1940-cı ildə Tbilisi Universitetində müdafiə etdiyi “Klebs məsələsi və onun ümumiləşməsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil edib. Elə həmin il Zahid Xəlilov Azərbaycan Dövlət Universitetində (indi Bakı Dövlət Universiteti) dosent vəzifəsində çalışıb. Görkəmli alim 1942-ci ildə SSRİ EA-nın Azərbaycan filialının fizika sektorunda yeganə riyaziyyatçı olaraq elmi fəaliyyətə başlayıb.

Görkəmli alim poliharmonik tənliklər sistemi üçün sərhəd məsələsini həll edib və alınmış nəticələri söykənmiş elastik lövhənin əyilməsinin öyrənilməsinə tətbiq edib. 1946-cı ildə Tbilisidə “Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Zahid Xəlilov doktorluq elmi dərəcəsi almış ilk azərbaycanlı riyaziyyatçı idi. O, 30 ildən artıq universitetdə pedaqoji fəaliyyət göstərib, yüksək ixtisaslı elmi kadrların hazırlanmasına böyük əmək sərf edib, 30-dan çox elmlər namizədi və elmlər doktoru hazırlayıb.

Görkəmli alim 1947-ci ildə Azərbaycan EA Riyaziyyat Bölməsinin rəhbəri, 1950–ci ildə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutunun direktoru vəzifələrində çalışıb. 1955-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilib, 1957-1959-cu illərdə bu elmi qurumun vitse-prezidenti, 1962-1967-ci illərdə isə prezidenti olub. 1967-ci ildən ömrünün sonuna qədər Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib.

1950-ci illərin əvvəllərindən başlayaraq Zahid Xəlilovun elmi əsərləri Moskva, Leninqrad (indi Sankt-Peterburq), Kiyev, Tbilisi və digər elmi mərkəzlərdə nəşr olunub. O, Azərbaycanda funksional analiz məktəbinin banisi, SSRİ-də bu elmi sahəsi üzrə görkəmli alim kimi tanınıb.

Akademik Zahid Xəlilov həm də Azərbaycan dilində ilk riyaziyyat lüğətinin tərtibçisidir. İstedadlı və yorulmaz alimin əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa sahələrinə aiddir.

Fitri istedada malik Zahid Xəlilov dünya riyaziyyatında ilk dəfə olaraq qiymətləri Banax fəzasından olan funksiyalar sinfində diferensial tənlikləri tədqiq edib. Riyaziyyatda Banax cəbrində sinqulyar tənliklərin həlli üçün ümumi bir metod “Zahid İsmayıl oğlu Xəlilov nəzəriyyəsi” adı ilə tanınır.

Elmi fəaliyyəti, vətəndaş mövqeyi Vətənə xidmətin ən parlaq nümunəsi olan dünya şöhrətli alim 1974-cü il fevralın 4-də 63 yaşında vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.