İQTİSADİYYAT
Doqquz ayda “Azneft” üzrə 4,6 milyon ton neft və 3,8 milyard kubmetr qaz hasil edilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr ayları ərzində SOCAR-ın “Azneft” İstehsalat Birliyi (İB) üzrə 4 milyon 624,8 min ton neft, 3,87 milyard kubmetr qaz hasil edilib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, ötən doqquz ay ərzində “Azneft”in bütün idarə və struktur birləşmələrində yeni obyektlərin və qurğuların tikintisi, onların istismara verilməsi, hasilatın artırılması, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri üzrə kompleks tədbirlər görülüb. Yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib.
Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, ilin ilk doqquz ayı ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 55 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 91 min ton neft hasil edilib.
Ötən doqquz ayda fəaliyyətsiz quyu fondundan 55 quyu nəzərdə tutulduğu halda 81 quyu istismara qaytarılıb. Bu quyulardan 42,6 min ton neft alınıb.
İlin əvvəlindən 485 geoloji tədbir keçirilib, nəticədə 211,7 min ton neft hasil edilib ki, bu da plana qarşı 56 tədbir çox və 71,6 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 33,3 min ton plana qarşı 40,7 min ton neft hasil olunub.