REGİONLAR


Dörd medalla təltif olunan 19 yaşlı qəhrəman VİDEO

Siyəzən, 17 noyabr, Elxan Yusifli, AZƏRTAC

Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Elməddin Abdullayev düşmən üzərinə əks-hücum əməliyyatının başlamasını sevinclə qarşılayıb. 19 yaşlı Elməddin Talış kəndində şəhidlik zirvəsinə yüksəlib və ölümündən sonra 4 medalla təltif edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Abdullayev Elməddin Telman oğlu 13 fevral 2001-ci ildə Quba rayonunun Qamqam kəndində dünyaya göz açıb. Şəhid Mübariz Abdullayev adına Qamqam kənd tam orta məktəbini bitirib. 2019-cu ilin aprel ayında hərbi xidmətə yollanıb.

Elməddin Abdullayev əsgərliyi başa vurandan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmətini davam etdirmək qərarı vermişdi. Vətən müharibəsinin ilk günündən döyüşlərə atılan Elməddin sentyabrın 30-da Talış kəndi uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb.

“Bir ildir ki, gözüm yollardadır. Hər hərbi formada əsgərlər görəndə gözüm balamı axtarır. Elməddin mənim ilk övladım idi. Hərbidə işləmək istəyini dəfələrlə bildirmişdi. Əsgərliyi bitirdikdən sonra hərbidə qalıb işləmək istəyirdi. Xidmətinin son günləri idi. Evə gəlməyini gözləyirdik. Sentyabrın 26-da mənə zəng vurub halallıq istədi. Dedi ki, ana özündən muğayat ol mən gələ bilməyəcəm. Elə sonuncu zəngi oldu. Sentyabrın 30-da şəhid olması xəbərini aldıq”, - deyə şəhidin anası Tahirə Abdullayeva söyləyib.

Elməddin düşmənin xeyli sayda texnikasının və canlı qüvvəsinin məhv edilməsində fəal iştirak edib. Suqovuşan, Ağdərə və Tərtər döyüşlərinin iştirakçısı olan qəhrəman əsgərin hərbi xidməti bitirməyinə bir neçə gün qalmışdı.

Şəhidin atası Telman Abdullayev deyib: “Elməddinin olduğu bölmə Suqovuşandan düşmən üzərinə yeriyib. Komandirlərinin dediyinə görə Füzuli istiqamətində də döyüşlərə qatılıblar. Son döyüşü isə Talış kəndi uğrunda olub. Elməddin qəhrəmanlıqla döyüşüb. Şücaət göstərib. Son döyüşündə düşmən snayperinin gülləsinə tuş gəlib. Oğlum torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Mən Elməddinlə fəxr edirəm”.

Elməddin Abdullayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Qamqam kəndi torpaqlarımızın müdafiəsi uğrunda 6 şəhid verib. Onlardan beş nəfəri Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.