CƏMİYYƏT
Dövlət Bayrağı Günü Fövqəladə Hallar Nazirliyinin Akademiyasında qeyd olunub VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir” mövzusunda tədbir keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Vətən uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanıb.
FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov çıxış edərək bildirib ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası istiqamətində ilk təşəbbüs ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Liderin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, onun muxtar respublikanın bayrağı kimi qəbul olunması haqqında qərar müstəqillik tariximizin şanlı səhifələrindən biridir.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli noyabrda qeyd olunan iki əlamətdar bayramın - Dövlət Bayrağı və Konstitusiya günlərinin əhəmiyyətini xüsusi vurğulayıb. Ə.Hüseynli ulu öndər Heydər Əliyevin mütərəqqi siyasi kursunun mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün təsis edilməsi barədə imzaladığı Sərəncamın gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm rol oynadığını bildirib. Deputat əlavə edib ki, 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı da əlamətdar hadisədir.