CƏMİYYƏT
Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi yarışları birinciliklə başa vurub
Bakı, 2 sentyabr, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyi (MDB) gömrük orqanlarının kinoloji xidmətlərinin və xidməti axtarış itlərinin çoxnövçülük üzrə 9-cu yarışları keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Rusiya Federal Gömrük Xidmətinin Kinoloji Mərkəzinin bazasında təşkil olunan yarışlarda Komitənin Kinoloji Mərkəzi də uğurla iştirak edib.
Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi komanda hesabında I yerə, şəxsi hesabda II yerə, narkotik vasitələrin otaq şəraitində axtarışı mərhələsində I yerə, narkotik vasitələrin minik maşınlarında axtarışı mərhələsində II yerə, narkotik vasitələrin əl yüklərində axtarışı, narkotik vasitələrin yük avtomobillərində axtarışı və ümumi itaətetmə mərhələlərində isə III yerə layiq görülüb. Yarışların qaliblərinə kubok və medallar təqdim olunub.
Qeyd edək ki, yarışlardan əvvəl və sonra digər tədbirlər də keçirilib.
MDB gömrük orqanlarının kinoloji bölmələrində xidməti itlərlə təlim-məşğələnin təşkili üzrə aktual problemlər və xidməti itlərin təlim olunma dərəcəsinin qiymətləndirilməsinin meyarları mövzusunda seminar təşkil olunub. Seminarda Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin hazırladığı “Axtarış itinin iybilmə qabiliyyəti haqqında” videoçarx təqdim edilib və maraqla qarşılanıb.
Həmçinin yarışlardan sonra MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin kinoloji fəaliyyət məsələləri üzrə işçi qrupunun 21-ci iclası keçirilib.