CƏMİYYƏT


Dövlət Gömrük Komitəsinin bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub

Bakı, 22 iyul, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sərhədkeçmə xidmətləri üzrə bəzi gömrük ödənişləri “ASAN ödəniş” sisteminə uğurla inteqrasiya olunub.

Bundan sonra xaricdən gələn yük avtomobilləri ölkəni tərk edərkən artıq yanacağa və yük avtomobillərinə qoşulmuş GPS-ə görə gömrük ödənişlərini, avtomobillərin sərhəddə müvəqqəti saxlanc ödənişlərini, müvəqqəti saxlanc ödənişlərinin ƏDV-sini “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirmək mümkündür. Həmçinin xarici dövlətlərin avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən ödənilən yol vergisini, habelə icazə blankına görə ödənişlər müqabilində nəzərdə tutulmuş dövlət rüsumlarını müvafiq sistemlə ödəmək olar.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb.

Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 96 məhkəmə orqanı, 7 publik hüquqi şəxs, dövlətə məxsus 7 hüquqi şəxs və 2 dövlət təhsil müəssisəsi olmaqla, 221 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 557 xidmət üzrə ödənişləri “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirilə bilər.

Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı eləcə də, sistemə qoşulmuş 10 mindən artıq ödəniş terminalı, respublika ərazisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.