ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi Biləsuvarda kurikulumlar üzrə hazırlıq kursları təşkil edib
Bakı, 26 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Biləsuvar şəhərində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində Azərbaycan dili, riyaziyyat, kimya, fizika, biologiya, tarix və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, hazırlıq kurslarında müəllimlərə və metodistlərə fənn kurikulumu, imtahanda yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar haqqında məlumat verilib, yeni tipli tapşırıqların formaları, məzmunu, mətn seçimi və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı mühazirələr təqdim olunub. Onlar kalibrləmə prosesində iştirak ediblər.
Kursu müvəffəqiyyətlə başa vurmuş müəllimlərin şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil edilib. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış seminar iştirakçıları müqavilə əsasında qiymətləndirmə materiallarının hazırlanması, ekspertizası və yoxlanılması (marker kimi) üçün DİM ilə əməkdaşlığa cəlb ediləcəklər.