ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzində fənlər üzrə hazırlıq kursları və elmi-metodik seminarlar keçirilib
Bakı, 25 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) yanvarın 24-25-də biologiya, tarix, coğrafiya, riyaziyyat fənləri üzrə hazırlıq kurslarının ikinci dərsi keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, moderatorlar yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin hazırlanması və tapşırıqların formalarına aid təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
Biologiya fənnindən keçirilən elmi-metodik seminarda 23 nömrəli tam orta məktəbin müəllimi Fəridə Əliyeva 7-ci sinif “Biologiya” dərsliyinin məzmunu haqqında təqdimat edib.
Tarix fənni üzrə elmi-metodik seminarda isə Avropa Azərbaycan Məktəbinin müəllimi Tahir Ağayev, Bakı şəhəri 55 nömrəli tam orta məktəbin müəllimi Zümrüd Həsənquliyeva, 245 nömrəli tam orta məktəbin müəllimi Hüseyn İbrahimov, 102 nömrəli tam orta məktəbin müəllimi Ruslan Rzayev və 327 nömrəli tam orta məktəbin müəllimi Talıb Talıblı 8-ci və 10-cu sinif “Ümumi tarix” dərsliklərinin məzmununun müqayisəli təhlili haqqında təqdimatla çıxış ediblər.
Coğrafiya fənni üzrə elmi-metodik seminarda Laçın rayonunun Ağaoğlan kənd tam orta məktəbinin müəllimi Valeh İsmayılov “Coğrafiya” dərslikləri üzrə “Yer Günəş sistemində” bölməsinin məzmunundan bəhs edib.
Elmi-metodik seminarda 5-ci sinif “Riyaziyyat” dərsliyinin məzmunu haqqında Bakı şəhəri 313 nömrəli tam orta məktəbin müəllimi Asif Cümşüdov təqdimatla çıxış edib.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, tövsiyələrin bankın təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.