REGİONLAR
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Xızıda vətəndaşların müraciətlərini dinləyib VİDEO
Xızı, 16 noyabr, Elxan Yusifli, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 16-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Xızı şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla anılıb.
Qəbul zamanı Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkün vətəndaşların müraciətləri dinlənilib.
Sakinlərin müraciətləri əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və sair məsələlərlə bağlı olub.
Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Araşdırılması zəruri olan bəzi məsələlər qeydiyyata alınıb, həlli ilə bağlı müvafiq şəxslərə konkret tapşırıqlar verilib.
DİM-in səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara göndərilmək üçün qeydiyyata götürülüb.