MƏDƏNİYYƏT
Dövlət Kino-Foto Sənədləri Arxivinə növbəti saxlama vahidi sənədlər təhvil verilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən 133 saxlama vahidi kinosənəd və 654 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, təhvil verilən kino və foto sənədlər unikal xarakter daşımaqla müstəqillik dövründə Naxçıvan MR və onun rayonlarına aid olan ayrı-ayrı sahələrin fəaliyyətini əks etdirir.
Sözügedən sənədlər Naxçıvan MR Ali Məclisinin, digər icra orqanların fəaliyyətini, Naxçıvanda tarixi abidələrin əsaslı şəkildə yenidən qurulmasını və təmirini, dövlət proqramlarına uyğun olaraq müasir infrastruktur layihələrinin gerçəkləşdirilməsini, sahibkarlıq və biznes nümayəndələri üçün dövlətin yaratdığı şəraiti, şəhərsalma və yol tikintilərini, səhiyyə, təhsil, mədəniyyət, kənd təsərrüfatı, su və meliorasiya, hərbi quruculuq, idman həyatını, zavod və fabriklərin istehsal mühitini, dövlət xidmətlərinin təşkilini, məktəblərin tikintisini, hava limanının yenidən qurulmasını, turizm və sərgiləri, Naxçıvana aid olan etnoqrafik mədəniyyət nümunələrini, beynəlxalq səviyyədə keçirilən tədbirləri və s. sahələri əhatə edir.