DÜNYA
Dövlət Komitəsi: Çində epidemik vəziyyət pisləşir
Pekin, 25 mart, AZƏRTAC
Çində COVID-19 virusuna yoluxmaların qeydə alındığı bölgələrin sayı artdıqca, epidemik vəziyyət daha da pisləşir.
AZƏRTAC xəbər verir ki, Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin ölkədə epidemik vəziyyətlə əlaqədar keçirdiyi mətbuat konfransında qurumun rəsmisi Mi Fen belə deyib.
“Çində yerli yoluxmaların sayı hələ də yuxarı səviyyədədir və virusun təsirə məruz qalan şəhərlərin sayı çoxalmağa davam edir”, -deyən Mi Fen əlavə edib ki, Çin “Sıfır COVID” siyasətini davam etdirəcək. Bu çərçivədə epidemik nəzarət, erkən xəbərdarlıq və fövqəladə hazırlıq qabiliyyəti gücləndiriləcək, elmi əsaslarla PZR və antigen test prosesi həyata keçiriləcək.
Qeyd edək ki, martın əvvəlindən Çində COVID-19 virusuna sutkalıq yoluxma dinamikası yüksək olaraq qalır. Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, ötən sutka ərzində 28 vilayət və 65 şəhər üzrə 1301 təsdiqlənmiş və 3489 asimptomatik yerli yoluxma aşkarlanıb. Yoluxanların 95 faizindən çoxunda xəstəlik əlamətləri ya yoxdur, ya da yüngüldür. Yoluxanların cəmi 0,1 faizi xəstəliyi ağır formada keçirir. Pandemiyanın hazırki dalğası ilə əlaqədar Çinin bir neçə şəhərində tam və ya qismən qapanma tətbiq olunur. Hökumət infeksiyaya yoluxmanı ev şəraitində müəyyən etmək üçün sürətli antigen testlərindən istifadəyə icazə verib. Mütəxəssislər hazırkı dalğanı Çinin Uhan böhranından sonra COVID-19 virusu ilə növbəti böyük mübarizəsi kimi dəyərləndirirlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin