CƏMİYYƏT
Dövlət Komitəsində İzmirin Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 20 oktyabr, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanda səfərdə olan Türkiyənin İzmir şəhəri Karabağlar bələdiyyəsinin sədri Mühittin Selvitoplunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdiyi və möhkəmləndiyi vurğulanıb. Bildirilib ki, bu əlaqələr qondarma erməni soyqırımı və Azərbaycan torpaqlarının işğalı ilə bağlı beynəlxalq ictimaiyyətdə obyektiv fikrin formalaşdırılması üçün diasporlarımızın birgə fəaliyyəti ilə daha da möhkəmləndirilməlidir. Bu məsələnin yaxın vaxtlarda İstanbulda keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor sahəsinə cavabdeh qurumlarının rəhbərlərinin görüşündə ətraflı müzakirə olunacağı və növbəti iki il üçün fəaliyyət planının hazırlanacağı qeyd edilib. Həmçinin bildirilib ki, İzmirin Karabağlar bələdiyyəsi də ölkəmizlə bağlı həqiqətlərin yerli ictimaiyyətə çatdırılması üçün həyata keçirdiyi bir çox layihələrlə əlaqələrimizin inkişafına öz töhfəsini verir.
Karabağlar bələdiyyəsinin sədri Mühittin Selvitoplu isə, öz növbəsində, Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, İzmirdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə sıx əməkdaşlıq qurulub, onlara maddi və mənəvi dəstək göstərilir. Məhz bu əməkdaşlığın nəticəsi olaraq 2017-ci ildə bələdiyyənin inzibati ərazisində “Azərbaycan, Qarabağ, Xocalı parkı” açılıb və Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıb. Bələdiyyə sədri Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi, diaspor təşkilatları, eləcə də digər qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Görüşdə, həmçinin Karabağlar bələdiyyəsi ilə əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları geniş müzakirə olunub.
Sonda xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, Türkiyənin nümayəndə heyəti səfər çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidləri məzarlığını ziyarət ediblər.